Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:
“Dostluq” yatağının birgə işlənməsi ilə bağlı anlaşma memorandumunun imzalanması Xəzər dənizində Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni səhifə açacaq.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Asiya üzrə amerikalı ekspert Bryus Panyer deyib.
O bildirib ki, bu layihə Azərbaycanın neft satışı ilə bağlı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq:
“Azərbaycan və Türkmənistan Şərqlə Qərb arasında ticarət üçün əlverişli bölgədə yerləşir, əgər ölkələr Xəzər dənizi vasitəsilə gəmiçilik marşrutlarını genişləndirə bilsələr, Çinlə Avropa arasında daşınan məhsullar üçün tranzit ölkələr qismində böyük gəlirlər əldə edə bilərlər. “Dostluq” layihəsi üzərində birgə iş əməkdaşlıq üçün yeni əsas təqdim edir. Azərbaycan artıq tranzit qovşağına çevrilib. Ələttə yeni liman var, dəniz ticarəti genişlənir, dəmiryol əlaqəsinin həm şərqdən qərbə, həm də şimaldan cənuba genişləndirilməsi planları mövcuddur. Bununla belə, Azərbaycanın ticarət-ixrac şəbəkəsində Türkmənistan istiqaməti kifayət qədər rol almayıb”.
Ekspert əlavə edib ki, layihə Türkmənistan üçün də sərfəlidir, çünki enerji daşıyıcıları ixracının marşrutlarının olmaması ölkə üçün maneədir:
“”Dostluq” yatağının işlənməsində Azərbaycanla əməkdaşlıq Türkmənistana təkcə neft hasilatını artırmağa deyil, həm də iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək”