DOST yeni layihəyə başlayıb: həm təbiət qorunacaq, həm də sağlamlıq imkanları məhdud uşaqlara yardım ediləcək (FOTO)

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi «Mənim EkoDOSTum ol» sloqanı altında “EkoDOST” layihəsini həyata keçirir. Ətraf mühitin qorunmasına, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlara daha çox diqqətin cəlb edilməsinə xidmət edən layihə “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihə çərçivəsində ilkin olaraq Agentliyin mərkəzi aparatının hər mərtəbəsində və “DOST” mərkəzlərində xüsusi loqo ilə hazırlanmış qutular qoyulub. Bu qutular kağız və plastik qab tullantıları üçün nəzərdə tutulur. Tullantı kağızlar və plastik qablar yenidən emal məqsədi ilə müvafiq şirkətlərə təhvil veriləcək.

Mərkəzlərin qutularla təmin olunması, tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması və tullantıdan əldə edilən gəlirin Agentliyə təhvil verilməsi “Azersun Holding” MMC tərəfindən təşkil edilib. Agentlik öz növbəsində təhvil aldığı məbləği daun sindromlu uşaqların reabilitasiyasına ianə edəcək. Bu da daun sindromlu uşaqların bacarıqlarının inkişafı, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyası, onların ailələrinə dəstəyin göstərilməsi deməkdir.

Tullantıların yenidən istehsala yönəldilməsi ətraf mühitin və təbiətin qorunması işinə də töhfə verəcək.

Teqlər: