DOST Agentliyinin daha bir beynəlxalq uğuru
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi
növbəti beynəlxalq uğura imza atıb. Avropa İttifaqının (Aİ)
iqtisadi əməkdaşlıq üzrə nailiyyətlər və Azərbaycanda biznes
mühitinin inkişaf etdirilməsinə dair “Aİ Biznes Mühiti
Hesabatı-2021” nəşrində DOST mərkəzləri ölkədə həyata keçirilmiş
təkmil islahatlardan biri kimi dəyərləndirilib.
“Aİ Biznes Mühiti Hesabatı-2021” Azərbaycandakı mövcud biznes
mühitinin müstəqil qiymətləndirilməsini təmin edir və trendləri
müəyyən etməyə imkan verir. Təcrübəli ekspertlərin iştirakı ilə
keçirilən bu ilki sorğuların nəticəsi Azərbaycanda fəaliyyət
göstərən, 24 Avropa ölkəsindən olan 139 şirkət arasında aparılmış
sorğu və 27 müsahibəyə əsaslanır.
Hesabatda Azərbaycanda siyasi və sosial stabillik investorlar
tərəfindən əsas qiymətləndirilən faktor kimi göstərilib. Bundan
əlavə, nəşrdə biznes intizamı etikası, korrupsiyanın aradan
qaldırılması üzrə tədbirlər və peşə təhsilinin keyfiyyəti inkişaf
etdirilən amillər kimi göstərilib.
Sosial islahatların sırasında DOST mərkəzlərinin fəaliyyəti
investorlar tərəfindən xüsusilə qiymətləndirilib. Nəşrdə 2021-ci
ildə ölkəmizdə daha iki DOST mərkəzinin açıldığı, 2025-ci ilə qədər
bütün ölkə ərazisini əhatə edəcək 17 DOST mərkəzinin fəaliyyətə
başlayacağı qeyd olunub.
Bundan əlavə, DOST Agentliyinin BMT Əhali Fondu, BMT İnkişaf
Proqramı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlarla
əməkdaşlıqda müxtəlif proqramlarda iştirakı diqqətə çatdırılır.
Xüsusilə də Agentliyin fəaliyyətinin effektivliyinin beynəlxalq
təsdiqi olaraq 2022-ci ilin aprel ayında Avropa Sosial Şəbəkəsinin
Avropa Sosial Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.
Qeyd edək ki, təkcə bu il DOST Agentliyi 5 beynəlxalq mükafatla
– Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı,
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA)
mükafatı və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3
mükafatı ilə təltif olunub.
DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı
üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və
müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.
Bu uğurlar Prezident İlham Əliyevin sosial islahatlar
proqramının nailiyyətlərinin, o cümlədən DOST konsepsiyasının
beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bir daha təsdiq
edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan
DOST konsepsiyası ölkəmizin mühüm sosial uğurlarından biri olmaqla,
154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf,
vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verib.