Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş Mərkəzi” tərəfindən icra olunan ödənişli ictimai işlər proqramı Hərbi Qənimətlər Parkını da əhatə edir.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, parkın sanitar-gigiyenik qaydalara uyğun qorunub saxlanılması, park ərazisində cari abadlıq işlərinin mütəmadi yerinə yetirilməsi məqsədi ilə “DOST İş Mərkəzi” tərəfindən 40 nəfər işlə təmin edilib.
Onların hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradır.
Ümumilikdə “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.