Martın 16-da DOST Agentliyi ilə Azərbaycan Kooperasiya
Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu
imzalanıb. Sənədi DOST Agentliyin İdarə Heyətinin sədri Fərid
Məmmədov və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar
Quliyev imzalayıblar.
Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi,
birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində
bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa
gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini,
araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar
məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri
sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll
yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini
tapıb.
Razılaşma çərçivəsində Azərbaycan Kooperasiya Universitetinin
bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə
proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin
müvafiq əməkdaşları da universitetin tədris-innovasiya
infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin
gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak
edəcəklər.