DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının
(BSTA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı – 2022” müsabiqəsinə
təqdim etdiyi üç ərizənin hər biri Müstəqil Beynəlxalq Münsiflər
Heyətinin 15 fevral 2022-ci il tarixli qərarı ilə fəxri diplomlar
(Certificates of Merit) və attestata layiq görülüb. Mükafatlar 2
may 2022-ci il tarixlərində Estoniyanın Tallinn şəhərində
keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”nda təqdim
olunub. DOST Agentliyi müsabiqədə “Vətəndaş məmnunluğu monitorinq
sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və
“DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələr
ilə iştirak edib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli
ekspert statusunda “Avropa Regional Sosial Təminat Forumu”nda
“Sosial təminat idarəçiliyində mükəmməlliyi təmin etmək üçün
innovativ yanaşmalar” adlı paralel sessiyanın “Yaxşı təcrübələr”
bölməsində “Qabaqlayıcı tədbirlər və fəal yaşlanmanın
gücləndirilməsi” panelində “DOST Agentliyi ləyaqətli həyat naminə:
65+ şəxslər üçün sosial müdafiənin təminati” adlı təqdimat ilə
çıxış edib.
Təqdimatda 65 yaşdan yuxarı olan şəxslər üçün sosial xidmətlərin
qurulması, COVİD-19 pandemiyası dövründə rast gəlinmiş
çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar və görülən
tədbirlər, atılmış addımların təsiri və nəticələrin
qiymətləndirilməsi, öyrənilmiş dərslər və tövsiyələr, eləcə də
BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilmiş “Fəal yaşlanma”
layihəsinin təcrübəsi barədə məlumat verilib.
Qeyd edək ki, DOST Agentliyi ötən il başqa beynəlxalq qurumun –
Avropa Sosial Şəbəkəsinin “Texnolgiya Alətləri” nominasiyasında
qalib elan edilmiş, bu ilin fevral ayında isə sosial təminat
sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl
innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də
dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri
fərmanına layiq görülmüşdü.
DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9
avqust tarixində yaradılıb. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial
xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş
məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Hazırda 5 DOST
mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq
səviyyəsi 98 faiz üzərindədir.