DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial
Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin qalibi olub.
Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya
dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların
qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni
texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan
nəticələri dəyərləndirmək məqsədi daşıyıb.
DOST Agentliyi “Texnologiya alətləri” kateqoriyasında sosial
xidmətlərdə smart modelin tətbiqinə görə Avropa Sosial Xidmətlər
Mükafatına layiq görülüb. DOST Könüllülərinin fəaliyyətini əks
etdirən “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi
isə “Möhtəşəm Heyət” kateqoriyasında Avropa Sosial Xidmətlər
Mükafatının finalçısı olub.
Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai
səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunub. 20 mindən çox
səs toplayan DOST Agentliyinin qazandığı səslərin təxminən 17 mini
təşkilatın üzvü olan Avropa dövlətlərindən daxil olub.
DOST Agentliyi Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı
üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və
müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.
DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9
avqust tarixində yaradılıb. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial
xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş
məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Hazırda 5 DOST
mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş
DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların
məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir.
Qeyd edək ki, DOST Agentliyi 2020-ci ildə də Avropa Sosial
Xidmətlər Mükafatının finalçılar siyahısında yer qazanmışdı. Bu
ilin fevral ayında isə DOST Agentliyi sosial təminat sahəsində və
vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar,
rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət
xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq
görülmüşdü.