Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi LRQA
sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO
sertifikatlarına layiq görülüb.
Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO
10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin
İdarəedilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016
(Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri
uğurla keçib.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən DOST Agentliyinin
İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, ISO
standartlarının tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin
işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə
imkan verəcək. DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla
çıxış edən F.Məmmədov Agentlikdə indiyədək görülən işlər və gələcək
layihələr barədə məlumat verib.
Tədbirdə Böyük Britaniyanın LRQA təşkilatının regional meneceri,
Türkiyə və Şərqi Avropa təmsilçisi Burak Can qeyd edilən 4
istiqamət üzrə audit zamanı Agentliyin fəaliyyətində heç bir
uyğunsuzluq aşkarlanmadığını və bu səbəbdən beynəlxalq
sertifikatlara layiq görüldüyünü qeyd edib.
Beynəlxalq idarəetmə standartları sahəsində məsləhət xidməti
olan “Bureau De Qualite” MMC-nin direktoru Asif İbrahimov müəssisə
və təşkilatlarda ISO standartlarının tətbiqinin xidmət
keyfiyyətinin yüksəldilməsi üçün vacib olduğunu bildirib.
Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq
edilməsinə Agentliyin bütün işçi heyəti cəlb edilib. Bununla bağlı
49 nəfərdən ibarət işçi qrup yaradılıb və standartlar Agentlikdə
İnteqrəedilmiş Menecment Sistemi (İMS) olaraq tətbiq edilməyə
başlanıb. İMS-in tətbiqi zamanı ilkin olaraq Agentliyin mövcud
vəziyyəti qiymətləndirilib, güclü və zəif tərəfləri təhlil edilib.
Daha sonra Agentliyin bütün prosesləri İMS-in tələblərinə
uyğunlaşdırılıb.
Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra bu
standartlara uyğunluğun qiymətləndirilməsi LRQA tərəfindən həyata
keçirilib.
Tədbirin sonunda B.Can F.Məmmədova 4 istiqamət üzrə ISO
beynəlxalq sertifikatlarını təqdim edib. DOST Agentliyinə verilən
sertifikatlar dünyanın ən tanınmış UKAS akkreditasiyasının möhürü
ilə təsdiq olunub.
260 illik tarixi olan LRQA 120-dən çox ölkədə fəaliyyət
göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumu tərəfindən
tanınan və demək olar ki, hər bir sektoru əhatə edən
sertifikatlaşdırma təşkilatıdır.