Dördtərəfli görüşə Ərdoğan da qatılacaq? – Ekspert

Dördtərəfli görüşə Ərdoğan da qatılacaq? – Ekspert

Son Brüssel görüşündə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə ölkələrin beynəlxalq aləmdə tanınmış ərazilərin toxunulmazlığına sadiqliklərini bir daha ifadə etdilər. Bu, çox vacib məqamdır.

Bu sözləri AzerTimes-a 14 mayda Avropa Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri barədə danışan politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq konkret nəticələrə yönələn müzakirələr mərhələsinin başlanmasını istəyir:

“Artıq bütün məsələlərdə dəqiqləşdirmə, detallaşdırma aparmağın vaxtı yetişib. Zəngəzur dəhlizi ilə bağlı məsələlərin Beynəlxalq Gömrük İttifaqının qaydalarına uyğun şəkildə həyata keçiriləcəyi haqqında dəqiq məlumatlar var. Digər tərəfdən biz indiyədək rəsmi İrəvanın verdiyi bəyanat və açıqlamalara nəzər yetirsək, qarşı tərəfin qeyri-müəyyənliklərdən sui-istifadə etdiyini görə bilərik. Ümumiyyətlə isə Brüssel görüşü əsasən iki tərəfin də razılaşdırılan məqamlara eyni anlam yükləmələri üçün idi. İndi Azərbaycan Brüssel və İrəvandan mövcud dinamikanın qorunub saxlanılmasını və konkret nəticələrin əldə edilməsinə yönəlmiş prosesin başlamasını gözləyir”.

Fərhad Məmmədov Avropa Siyasi Birliyinin 1 iyunda Kişinyovda keçiriləcək sammitində keçirilməsi nəzərdə tutulan dördtərəfli görüş barədə də danışıb:

“Hələ ki, Azərbaycan 1 iyunda Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək dördtərəfli görüşdə iştirak edib-etməyəcəyi barədə son qərarını açıqlamayıb. Fikrimcə, Kişinyov görüşünə Türkiyədəki seçkilərin nəticələri də öz təsirini göstərəcək. Həmin sammitdə cənab Ərdoğan da iştirak edəcək. Ona görə dördtərəfli görüş beş, hətta altıtərəfli də ola bilər. Görüş qeyri-formaldır, bu baxımdan orada çox ciddi məsələlərin müzakirə olunacağını düşünmürəm. Əsas məsələlər 14 mayda Brüsseldə müzakirə edilib. Prezident İlham Əliyev isə ermənipərəst mövqeyinə görə sərt etirazını birbaşa Makronun özünə bildirəcək, ümumi proseslə bağlı görüşdə iştirakı nəzərdə tutulan Şolts da məlumatlandırılacaq”.

Teqlər: