Dollar yenidən güclənir: səbəb… – Ekspert

Dollar yenidən güclənir: səbəb… – Ekspert

Dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyəsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Bayramov bildirib ki, dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər, eləcə də FES-in davamlı güclənmə siyasəti ilə bağlıdır:

“Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib.

Sentyabrın əvvələrində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir”.

Teqlər: