Xəbər - Samir Əli – Trend:
Dövlət Neft Fondu tərəfindən satılan ABŞ dollarının həcmi haqqında olan məlumatlar hazırkı işlərin hökümətin ötən ilin sonlarında qarşıya qoyduğu plana uyğun getdiyini göstərir.
Bunu AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, may ayında Neft Fondu valyuta hərraclarında 312,8 mln. dollar satıb ki, aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır: “Bu azalma təkcə son ay üçün deyil, həm də cari ilin ilk beş ayında dollar satışında ciddi azalma olub. Daha dəqiq desək, bu ilin 5 ayında olan valyuta satışı 2,303 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36.7% azdır.
Valyuta satışında olan bu azalma məqsədli şəkildə həyata keçirilən tənzimlənmə prosesinin nəticəsidir. Daha dəqiq desək, hələ ötən ilin sonlarında 2021-ci ilin büdcəsi təsdiq edilərkən büdcə layihəsinin təhlili onu deməyə əsas verirdi ki, qonşu ölkələrdə nə qədər milli valyutaların ucuzlaşması baş versə də, bu proses Azərbaycan manatından yan keçəcək. Çünki büdcənin strukturu onu deməyə əsas verirdi ki, hökümət ölkədə makroiqtisadi tarazılığı qoruyub saxlamaq üçün 2021-ci il ərzində manatın məzənnə stabilliyini qoruyub saxlamağa çalışacaq. Bunun üçün fiskal və monitar siyasət üzrə effektiv koordinasiya səviyyəsi mümkün qədər artırılacaq. Biz hazırda bu prosesləri müşahidə etməkdəyik”.
Ekspert deyib ki, manata olan təzyiqin azaldılması üçün eyni zamanda ölkədən valyutanın xarici axınına müəyyən məhdudiyyətlər tətbiq edilir: “Həmçinin, banklarda dollar satışında olan məhdudiyyətlər hələ ki, əsas missiyanın uğurla davam etdiyini göstərir. Başqa sözlə, tətbiq edilən inzibati və iqtisadi metodlar manata olan təzyiqin müəyyən səviyyəyə qədər azalmasına imkan yaradıb. Düzdür, təzyiq təbii olaraq mövcuddur. Amma bu təzyiq o səviyyədir ki, bu hədd hökuməti devalvasiya haqda düşünməyə vadar etmir.
Bütün bunlardan əlavə olaraq da, nəzərə alsaq ki, bugünkü neft qiymətləri 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğdan (40 dollar) nə az, nə çox, düz 70-75% bahadır, o zaman rahatlıqla demək olar ki, hökümətin ilin sonuna qədər manatın məzənnəsinin toxunulmaz qalması strategiyası dəyişməyəcək”.