Dolğu üçün müraciət etməzdən əvvəl həkimin peşəkarlığı, sertifikasiyadan keçməsi kimi məsələlərə diqqət yetirmək lazımdır. Düzdür, orta tibb personalına başqa prosedurla bağlı müraciət olunur. Xüsusilə, gözəllik salonlarına müraciət edilən zaman insanlar daha çox problemlərlə rastlaşırlar. Ona görə də proseduru icra edənlər 10 ildən çox təcrübəyə sahib olsa da, təhlükəsizlik məsələsinə görə mütləq sözügedən məsələlər sorğulanmalıdır.
Bu sözləri AzerTimes-a dolğuların üzə təsirləri ilə bağlı açıqlamasında kosmetoloq Zümrüd Rəhimova deyib.
O bildirib ki, vurulan preparatın mütləq gigiyenik sertifikatının olması və istifadəsi zamanı onun göz özünündə açılması önəmlidir:
“Həmçinin, vurulacaq preparat haqda pasiyent özü istifadəsində əks göstəriş varmı, nə dərəcədə sağlam tərkiblidir, istehsalçı ölkə hansıdır və s. kimi məsələləri ətraflı araşdırmalıdır”.
Kosmetoloqun sözlərinə görə, dolğunun üzə vurulmasından sonra problemin yaranması sırf preparatdan və həkimin peşəkarlığından asılıdır:
“Dolğunun düzgün estetik nahiyəyə yeridilməməsi, koordinatların düzgün tapılmaması, üzdəki hər hansı arteriya damarına düşməsi və ya həmin bölgəni qidalandıran damarı tutması, basması problemlər yarada bilər. Bunlar isə həmin nahiyənin çürüməsinə səbəb ola bilər. Həmçinin, prosedurdan sonra müəyyən faiz göstəricilərlə ağırlaşmalar istisna olunmur.
Dolğu vurulmazdan əvvəl mütləq insanın üzünə mütəxəssis tərəfindən baxılmalıdır. Burada qadın və kişi ayrımı da vacibdir. Çünki onların cinsəl olaraq üz quruluşu fərqlidir. Burada mütləq normativlərin aşılmaması üçün estetik ölçülər nəzərə alınmalıdır. Pasiyent müraciət edərkən həkim ona uyğun ölçüləri deyir. Ancaq pasiyent bu ölçüdən böyük olmasını istəyirsə, bu zaman əsas onun istəyi nəzərə alınır”.
Z.Rəhimova qeyd edib ki, təbii gellər üzdə 2 ilə yaxın müddətdə qala bilir:
“Bu müddət ərzində qaraciyərin ifraz etdiyi ferment gelin zaman-zaman effektini, həcmini itirir və üzdə parçalanmasına səbəb olur. Ancaq gelin sovrulması da insana görə dəyişə bilər. Elə insan var ki, ferment aktivliyinə görə üzündəki gel 6 ay ərzində sovrulur. Bundan sonra gelin çox cüzi miqdarda sintetik qalığı qalır. Davamlı olaraq gel vuran insanlarda isə üst-üstə sintetik çökmə olduğu üçün gələcəkdə sərt törəmə yarada bilir. Gelləri xüsusilə burun və göz altı nahiyələrinə çox vurduran şəxslər də məhz bu səbəbdən plastik cərrahlara müraciət etməli olurlar”.