Diz ağrılarında 5 faydalı idman hərəkətləri

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında “Diz ağrılarında 5 faydalı idman hərəkətləri” barədə məlumat verib.

Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq və diz oynağını stabilləşdirn idman hərəkətləri etmək mühüm rol oynayır. Bununla diz oynağını ani zədələnmədən və yaşlanma ilə bağlı proseslərdən qoruya bilməsəniz də, oynaqlara düşən yükü azalda və zədələnməyə davamlılığı artıra bilərsiniz.

Faydalı idman hərəkətlərini aşağıda təqdim edirik. Bu idman hərəkətləri diz ağrılarının reabilitasiya dövründə icra olunur. Ümumi qaydaları nəzərə alsaq, görərik ki, yaşlandıqca dizin strukturları və xüsusən menisk zədələnməyə daha meyilli olur. Buna görə tam bükülmə və ani kritik hərəkətlərdən özünüzü qormaq lazımdır. Hər hansı idman hərəkətləri zamanı ağrı hiss edirsinizsə onu dayandırın.

Diz üçün idman hərəkətləri:

1. Ayağınızı düz qoyun. Dizin altına dəsmal qoyun. Bud əzələnizi çarpayıya doğru sıxın. 6 saniyə saxlamaqla 10 saniyə fasilə etməklə gün ərzində 10 dəfə təkrarlayın.

2. Düz uzanın. Sağlam dizinizi bükün. O biri ayağı düz halda 30 sm hündürlüyə qaldırın və 5 saniyə saxlayın. 10 dəfə təkrar edin. Bel ağrıları varsa bu hərəkəti etməyin.

3. Hər iki ayağınızı bükün. Diziniz 90 dərəcə bükülmüş vəziyyətdə, dabanlarınız yerdə, çanağınızı qaldırırsınız və 5 saniyə saxlayıb endirirsiniz.10 dəfə təkrarlayın.

4. Üzü üstə uzanın. Ayağınızı yerdən qaldırın, 5 saniyə saxlayın və endirin. 10 dəfə təkrarlayın.

5. Bu hərəkət ayaqüstə icra olunur. Ayaqlarınız çiyinləriniz ilə paralel bir qədər aralı vəziyyətdə dayanırsınız. Əllərinizi dəstək üçün stola qoya bilərsiniz. Dizlərinizi bir qədər bükün və bir az aşağı gedin (15 sm), ayaqlarınız (pəncə) tam yerdə olmalıdır. Tələsmədən əvvəlki düz vəziyyətə qayıdırsınız.10 dəfə təkrarlayın.

Növbəti “Həkim məsləhəti” rubrikasında diz artrozlarının fizioterapevtik müalicəsindən danışacağıq. Bizi izləyin. Dr.Səidə Kərimovanın həkim məsləhətlərini Mərkəzi Gömrük Hospitalının internet səhifəsində izləyə bilərsiniz. Linki Sizə təqdim edirik: https://customshospital.az/hekim-mesleheti-duz-qamet/#gsc.tab=0

Teqlər: