Diş əti xəstəlikləri COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola bilər

Xəbər - Çingiz Səfərli – Trend:

Diş əti xəstəlikləri hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola bilər.

Səhiyyə nazirliyindən AzerTimes-a verilən məlumata görə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Cavid Əhmədbəyli bu istiqamətdə bir sıra məsələlərə aydınlıq gətirib:

– Diş əti xəstəlikləri hansılardır?

– Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəliklərdir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10%-i, yaşı 35-dən çox olan insanların 80%-i) bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alzheimer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları və hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur. Diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır.

– Hamiləliyin diş əti sağlamlığına təsiri nədir?

– Qadın orqanizmində hamiləlik zamanı müxtəlif dərəcəli hormonal və psixoloji dəyişikliklər baş verir. Estrogen və progesteron kimi hormonların səviyyəsinin artması diş əti toxumalarında damar keçiriciliyini əhəmiyyətli dərəcədə artıraraq, əsas əlamətləri şişmiş və qanayan diş əti olan gingivit və parodontit kimi ciddi diş əti xəstəliklərinə səbəb ola bilir. Bu zədələnmələr adətən hamiləlik bitdikdən sonra aradan qalxır. Xüsusən, hamiləlik dövründən öncə müalicə olunmamış parodontiti olan qadınlarda klinik vəziyyətin daha da pisləşməsi ehtimal olunur.

– Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilərmi?

– Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər.

– Diş əti xəstəliklərinin qarşısı necə alınmalıdır?

– Hamiləlik sırasında diş əti xəstəliklərinin qarşısının alınması üçün mütəmadi olaraq gündə iki dəfə dişlərin və diş ətinin yumşaq fırça ilə fırçalanması, dişlərarası fırça/diş ipinin istifadə olunması ilə ağız boşluğunun yüksək səviyyəli gigiyenasının təmin olunması tövsiyə olunur. Həkim-parodontoloq tərəfindən ağız boşluğunun periodik müayinəsi və diş əti müalicəsi hər 4 ayda bir tətbiq olunmalıdır.

– Müayinə və müalicə sırasındə istifadə edilən anesteziya və dərmanların ana və körpəyə təsiri necədir?

– Hamiləlik dövründə, xüsusən də 2-ci və 3-cü trimestrlərdə, qadınlarda dişlərin rentgenoloji müayinəsi və yerli anesteziyanın istifadəsi ana və döl üçün hər hansı bir əlavə risk yaratmadan həyata keçirilə bilər. Bu dövrdə ağrıkəsicilərdən və sistem antibiotiklərindən istifadə əsasən təhlükəsizdir. Lakin bir qrup antibiotiklər heç bir halda istifadə olunmamalıdır.

– Hamiləlik sırasında diş əti xəstəliklərinin müalicəsi təhlükəsizdirmi?

– Analar bilməlidirlər ki, dişləri və implantları dəstəkləyən toxumaların sağlamlığının təmin olunması üçün hamiləlik sırasında diş əti müalicəsinin aparılması faydalıdır və ümumi sağlamlıq üçün hər hansı təhlükə yaratmır. Müalicənin hamiləliyin ikinci trimestrdə tətbiq olunması daha təhlükəsizdir, lakin birinci trimestrdə aparılması arzu olunmazdır.

– Mama-ginekoloqlara tövsiyələriniz nədir?

– Qadınlarda ağız boşluğu müayinəsi mütəmadi müayinələr siyahısına daxil edilməlidir, hamiləlik zamanı diş əti xəstəliklərinin mümkün riskləri və bu xəstəliklərin müalicəsinin bu risklərin aradan qaldırılmasına müsbət təsiri barədə qadınlara ətraflı məlumat verilməlidir. Müayinə sırasında diş əti nahiyəsində qanamaların, xoşagəlməz qoxu, iltihab kimi əlamətlərin qiymətləndirilməsi üçün xəstənin ağzını açmasını xahiş etməli və birbaşa işıq altında ağız boşluğunun vəziyyətini yoxlamalıdırlar. Bu əlamətlərdən hər hansı birinə rast gəlinərsə mövcud diş əti xəstəliklərinin diaqnozu və müalicənin təyin edilməsi üçün xəstə həkim-parodontoloqa yönləndirilməlidir. Həmçinin, hamiləliyin gedişinə və diş əti sağlamlığına, siqaret istifadəsi və şəkərli diabet kimi, mənfi təsir edən risk amillər tənzimlənməlidir və sağlam həyat tərzinə üstünlük verilməsi təbliğ olunmalıdır.

– Analara tövsiyələriniz nədir? Hamiləlikdən əvvəl dişlər və diş ətləri lə bağlı hansı tədbirlər görülməlidir?

– Hamiləlikdən əvvəl qadınlarda ağız boşluğu muayinəsi mütləq aparılmalıdır. Dişlər və implantlar ətrafında hər hansı xəstəlik əlamətləri olduqda müalicələr tətbiq olunmalıdır. Hamiləlik dövründə ağız boşluğu sağlamlığının təmin olunması məqsədilə gün ərzində istifadəsi tövsiyə olunan fərdi gigiyena vasitələri haqqında ətraflı məlumat və təlim verilməlidir.

Teqlər: