Dörd yaşdan kiçik uşaqların foto və videosunu paylaşmaq qadağan edilməli və bunu edənlər cərimələnməlidir.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin uşaq inkişafı və yuxu mütəxəssisi Məlikə Qızıləl bildirib.
O, xüsusən də yay aylarında uşaqların yarıçılpaq fotolarının paylaşılmasının onların bədəninin gizliliyini pozduğunu deyib.
Onun sözlərinə görə, uşağın oxuduğu məktəblə bağlı məlumatların yer aldığı paylaşımlar da onun təhlükəsizliyini təhdid edə bilər:
“Yemək yeyərkən, yatarkən, gülərkən, ağlayarkən uşaqların fotolarını çəkir və paylaşırıq. Bunu uşağın istəyini nəzərə almadan edirik. Xüsusilə yay aylarında uşağın bədənini göstərən fotoşəkilləri paylaşırıq. Bu onun bədəninin məxfiliyini pozur. Valideynlər bilmədən uşaqlarının həyatını təhlükəyə atırlar”.
Ekspert onu da deyib ki, uşaq yaşa dolduqdan sonra həmin fotolara görə valideynini günahlandıra bilər. Ona görə də sosial media platformalarında uşaqların fotolarının paylaşılması ilə bağlı məhdudiyyət qoyulmalıdır. Dörd yaşdan kiçik uşaqların foto və videosu paylaşılmamalıdır.