Son günlər həzm sistemindən şikayət edən bir çox pasientlə rastlaşırıq. Şikayətlər daha çox “epiqastral nahiyə” dediyimiz mədə nahiyəsində yayılmış ağrılar, ürəkbulanma, qusma və ishalın olmasıdır. Bəzən bu, ümumi halsızlıq, ciddi zəiflik, tez yorulma, tərləmə və hərarət kimi simptomlarla müşahidə olunur. Bu simptomların uşaqlardan böyüklərə keçdiyi təsbit olunmuşdur.
Bu sözləri AzerTimes-a açıqlamasında terapevt Sübhan Hacıyev son zamanlar əhali arasında yayılmış mədə ağrısı ilə bağlı danışarkən deyib.
“Mədə-bağırsaq traktında payız-qış aylarında rotavirus və yaxud norovirus infeksiyaları ilə rastlaşırıq. İmmun sistemi güclü olan insanlarda adətən bu simptomlar öz-özünə keçib gedə bilir. Çünki immun sistemi bu viruslara qalib gələ bilir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, qaraciyər, böyrək xəstəlikləri və s. olan insanlarımızda isə bu, daha ağır keçir. Bu fəsadlarda su-duz mübadiləsinin, yəni elektrol mübadilənin, qanda laxtalama sisteminin pozulması, bəzən virus infeksiyasının yanına əlavə olaraq bakterial bir infeksiyanın qoşulmasını görə bilirik. Ona görə də əgər üç gündən çox bu simptomlar davam edirsə, həkimə müraciət olunmalıdır. Çünki bəzən bu xəstəliklərin ağırlıq dərəcəsinə görə xəstəxanada müalicə tələb oluna bilir”, – Hacıyev bildirib.
Terapevt qeyd edib ki, bu cür xəstəliklərdən uzaq durmaq üçün insanlara toplu yerlərdən qaçmaları tövsiyə olunur:
“Payız-qış aylarında bu xəstəliklər baş qaldırır. İnsanların xüsusilə də qida məhsullarına qeyri-ciddi yanaşması, fəst-fudlardan istifadə etməsi ağrının baş verməsinə səbəb olur. Yedikləri qidaya diqqət etməli, meyvələri ciddi şəkildə yumalıdırlar. Uşaqların əl və ayaqlarının dezinfeksiyası önəmlidir. Çünki uşaqlar hər zaman infeksiyalara məruz qala və nəticədə bütün ailə üzvlərini bu infeksiyaya yoluxdura bilirlər”.