DİQQƏT! Azərbaycana səfər edənlər bunu nəzərə almalıdır

COVID-19 pandemiyası dövründə Azərbaycana səfər edənlər bir sıra qaydalara əməl etməlidir.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar.

Bu müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ancaq Azərbaycan vətəndaşları üçün ölkədaxili uçuşlarda isə müayinələr ödənişsiz əsaslarla aparılır.

Arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir.

Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır.

Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər.

Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.

Hərarəti 37.5 dərəcədən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.

www.yenicag.az