Diplomatların işğaldan azad edilmiş ərazilərimizə səfəri hüquqi və siyasi əhəmiyyət kəsb edir – Siyasi şərhçi

Xəbər - Elçin Mehdiyev – Trend:

Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri həm Azərbaycan üçün, həm də diplomatların təmsil etdikləri ölkələr üçün mühüm informatik, hüquqi və siyasi əhəmiyyət kəsb edir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, dünyanın müxtəlif bölgələrində sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasını, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar edilməsini, insanların rifah içində yaşamasını arzulayan, işğala, aqressiv separatizmə, terrorizmə əməldə qarşı olan dövlətlər üçün bu, hər şeyi öz gözləriylə görərək qiymətləndirmə aparmaları, faktlara, reallığa söykənən mövqe sərgiləmələri üçün çox vacibdir:

“Bəşəriyyətin və xalqlarının gələcəklərini düşünən dövlətlər və onların diplomatları qlobal təhlükəsizliyin təmin olunması üçün ədalət prinsiplərinin önəmini başa düşür, ləyaqətli davranış sərgiləyirlər. Ləyaqət isə təkcə insanlara deyil, həm də dövlətlərə xas olan xüsusiyyətdir.

Əslində bu səfərlər hər hansı bir ölkəni bu və ya digər ölkəyə, yaxud konkret faktlara münasibətdə hansısa tərəfin mövqeyindən çıxış etməyə sözvq etmir, onların qarşısına hansısa öhdəliklər və vəzifələr qoymur. Azərbaycanın işğaldan azad edilmiş əraziləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləridir və bu ərazilərə səfər etmək beynəlxalq hüququn hansısa norma və prinsipini pozmur. İşğaldan azad edilmiş ərazilər üzərindən Azərbaycanın suveren hüquqlarını Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Rusiya və Fransa da tanıyır.

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə bu ərazilərə səfər etmək qanunsuz idi. Amma buna baxmayaraq, missiyasını uğursuzluqla başa vurmuş Minsk “üçlüyü”nün parlamentariləri, iş adamları, media nümayəndələri bu ərazilərə qanunsuz səfər etməkdən çəkinmirdilər. Amma indi səfər qanunidir və belə bir səfərdən imtina, əslində uzun illər boyu danışıqlar prosesini uzatmaqla erməni işğalının davam etməsini arzulayanların gerçək mahiyyətini ortaya qoyur.

Görünür ABŞ, Rusiya və Fransa diplomatları Azərbaycan rəsmilərinin və medianın gözü qarşısında Ermənistanın Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərlə tanış olmaq istəməyiblər. Çünki bu halda həqiqəti görmək və etiraf etmək məcburiyyətində qalacaqdılar”.

E.Mirzəbəyli vurğulayıb ki, məlim olduğu kimi, artıq diplomatik korpusun Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub:

“Şuşa şəhərinə səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak ediblər. Bu ölkələrin sırasında BMT Təşlühəsizlik Şurasının daimi üzvü olan, həmçinin “Böyük yeddilik” və “Böyük iyirmilik”də təmsil olunan ölkələr də var. Diplomatları işğaldan azad edilmiş ərazilərimizə səfər edən ölkələr beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarıdır və dünya iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edirlər. Məhz bu baxımdan da, Minsk “üçlüyü” diplomatlarının işğaldan azad edilmiş ərazilərimizə səfər etməmələri heç nəyi dəyişmir, əlsinə Azərbaycan xalqında onlara qarşı olan münasibətin daha da pisləşməsinə zəmin yaradır.

Azərbaycan vətəndaşlarının Minsk qrupu həmsədrlərinə olan münasibəti bəllidir. Bu ölkələrin ölkəmizdəki nüfuzu az qala sıfırın altındadır və adları çəkiləndə belə neqativ əhval-ruhiyyə yaradır.

Daha öncə qeyd etdiyim kimi səfərdən imtinanın əsas səbəblərindən biri uzun illər boyu himayə etdikləri Ermənistanın törətdiyi misli görünməmiş vadalizm aktlarıdır. Çünki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən viran qoyulmasında onların nümayiş etdirdikləri ikili standartların və prinsipsizliyin də rolu var. Əgər Minsk qrupunun həmsədri olan bu ölkələr, danışıqlar prosesinin ilk günlərindən Ermənistana təzyiq göstərsəydilər və işğalçıya qarşı sanksiyaların tətbiqi üçün beynəlxalq hüququdan irəli gələn mexanizmləri tətbiq etsəydilər, o zaman işğal bu qədər uzanmaz və təbii ki, Azərbaycan ərazilərindəki dağıntılar da indiki qədər olmazdı və təbii ki, müharibə də baş verməzdi. Görünür, ABŞ, Rusiya və Fransanın diplomatları ölkələrinin qeyri-obyektivliyinin də rol oynadığı xarabalıqları görməyə, həqiqətin gözünə dik baxmağa cəsarət etməyiblər”.

Teqlər: