Diplomatiya könüllüləri Müdafiə Nazirliyinin bəzi qurumlarında olublar

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya həftəsi” çərçivəsində XİN nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri Müdafiə Nazirliyinin bəzi müəssisələrində olub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən diplomatiya həftəsi çərçivəsində müxtəlif təhsil ocaqlarını təmsil edən gənclər Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyini, Hərbi Nəşriyyatını, Sənədli və Tədris Filmləri Mərkəzini və “Azərbaycan Ordusu” qəzeti redaksiyasını ziyarət ediblər. Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatların və hərəkatların nümayəndələrinə Müdafiə Nazirliyinin adı çəkilən qurumlarının fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində gənclər Vətən müharibəsində iştirak etmiş bir qrup hərbi qulluqçu ilə görüşüblər. Şanlı qələbəmizlə başa çatan müharibə barədə təəssüratlarını bölüşən döyüş iştirakçıları könüllüləri maraqlandıran sualları cavablandırıblar.

Könüllülərə Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.


Müdafiə Nazirliyinin rəsmiləri və Vətən müharibəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən qazanılmış tarixi zəfər haqqında tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Teqlər: