22-29 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda Diplomatiya həftəsinin ikinci həftəsi baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a bildirilib ki, Diplomatiya həftəsinin 7-ci günündə 22 iyul tarixində layihə iştirakçılarının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və CBC TV-nin baş direktoru Vüqar Xəlilov ilə görüşüb və media ilə əməkdaşlıq, xüsusilə də Vətən müharibəsi zamanı xarici mətbuatla iş məsələlərini müzakirə ediblər.
23 iyul tarixində, layihənin növbəti günündə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Kamal Cəfərov ilə görüşən tədbir iştirakçıları Azərbaycanın parlament diplomatiyası barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, iştirakçıların Azərbaycan Respublikasının Milli Məclisinə səfəri baş tutub. Milli Məclisin nəzdində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub və Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin çıxışı dinlənilib.
26 iyul tarixində, layihə iştirakçıları Birinci Fəxri Xiyabanı ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər. Eyni zamanda, iştirakçılar Bakıdakı Türk Şəhidliyini, Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini hörmətlə anıblar.
Layihənin 10-cu günündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin, həmçinin Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun iştirakçılarla görüşü baş tutub. İştirakçı gənclər Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması, Latın Amerikası ölkələri ilə münasibətlərimizə barədə məlumatlanıblar. Eyni zamanda, iştirakçılar məşhur fotoqraf Reza Deqati ilə görüşüblər.
28 iyul tarixində layihənin 11-ci günündə tədbir iştirakçıları, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə səfər ediblər, Nazirlikdə Konsulluq idarəsinin rəisi Emil Səfərov, habelə Mətbuat xidməti idarəsinin rəis müavini İlahə Novruzova ilə görüşlər keçiriblər.