“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Ondan sonra biz bu qanuna bir balaca dəyişiklik etmişik.
Bu sözləri AzerTimes-a açıqlamasında deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, ölkənin və siyasi sistemin inkişaf etdirilməsi, siyasi partiyaların fəaliyyəti, qarşıya qoyduğu vəzifələrlə əlaqədar yeni müddəaların olması böyük əhəmiyyət kəsb edir:
“Burada əsas beş məsələ irəli sürülməlidir:
1. Siyasi partiyaların yaranması və formalaşması;
2. Siyasi partiyaların seçkilərdə iştirakı;
3. Siyasi partiyaların maliyyə mənbələri;
4. Siyasi partiyaların ləğv olunması;
5. Siyasi partiyada olan işçilərin sosial təminatı.
Bu beş məsələnin öz əksini tapması daha əhəmiyyətli olar.
Burada dünya praktikasından da istifadə edilə bilər. Beynəlxalq təşkilatlarda siyasi qruplar rahat şəkildə bəyanatlar, təkliflər, hər hansı bir ölkə haqqında rəy formalaşdıra bilir. Ona görə də, bizim qanunvericilikdə də siyasi partiyalar beynəlxalq və siyasi qurumlarda fəaliyyət göstərə biləcəklər.
Bu addımı təqdirəlayiq hesab edirəm. Artıq partiyalardan təkliflər verilib, Milli Məcilisdə də dinləmələr gözlənilir. Görək ortaya nə çıxır”, – deputat bildirib.