Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə
yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında
qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış
mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada
nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural
dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini
müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir. Dövlət–din münasibətlərinin
davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni
müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi
həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin
ahəngdar inkişafına xidmət edir.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini qurumlara maliyyə
yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna
350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min
manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat,
Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası
dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi
xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini
icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi
Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən
məbləğdə maliyyələşməni təmin etsin.