Azərbaycandakı dini konfessiya rəhbərləri 31 Mart –
Azərbaycanlıların soyqırımı günü ilə bağlı müraciət yayıb.
AzerTimes-ın məlumatına görə,
müraciətdə deyilir:
“O Bir Olan Yaradanın adı ilə! Azərbaycan Respublikasının
vətəndaşlarının və dünyada yaşayan milyonlarla azərbaycanlıların,
tarixdə baş vermiş faciələrə biganə qalmayan insanların iradəsini
ifadə edərək, 31 Mart – Azərbaycanlıların soyqırımın günü
ərəfəsində Müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin,
parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırmağı
özümüzə borc bilirik.
Bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali
həqiqətlərdən biri də budur ki, Uca Rəbbin yaratdığı bir insanı
belə qətlə yetirmək, cəmi bəşəriyyəti məhv etmək qədər ağır
cinayətdir. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi,
dini mənsubiyyətinə görə törədilmiş soyqırımları insanlığa qarşı ən
böyük və bağışlanılmaz günahlardandır və bu cinayətə məruz qalan
xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti
dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq
verməlidir.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə
kütləvi məskunlaşdırılan ermənilərin “Böyük Ermənistan” xülyası ilə
azərbaycanlılara və bu ərazilərdə tarixən yaşayan digər xalqlara
qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə
nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu
dönə-dönə təkrarlandı. Erməni millətçilərinin xalqımıza qarşı iki
əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti,
terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən
yaşadıqları indiki Ermənistan, daha sonra isə Qarabağ ərazisindəki
doğma yurd-yuvalarından didərgin salındılar. 44 günlük Vətən
müharibəsi zamanı Azərbaycan tarixi ədaləti – dünya birliyi
tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra belə
erməni ekstrmistlərinin ölkəmizə qarşı revanşist ritorikası davam
etməkdədir.
Tarix isə sübut edir ki, 1905-ci və 1918-ci illərdə erməni
ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara
qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə
yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri,
məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Təkcə Mart soyqırımı –
1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və
Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz,
Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Dərbənd
və digər ərazilərdə daşnak erməni və erməni əsilli bolşevik silahlı
dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı
nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, itkin
düşmüşdür.
1918-1920-ci illərdə Şimali Azərbaycanda (Bakı, Şamaxı şəhəri,
Şamaxı qəzası, Quba şəhəri, Quba qəzası, Lənkəran qəzası), Qərbi
Azərbaycanda (Zəngəzur qəzası, İrəvan qəzası), Cənubi Azərbaycanda
(Urmiya, Təbriz, Xoy, Səlmas şəhərləri) azərbaycanlı əhaliyə,
Qubada və Dərbənddə yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı
tarixi sənədlərdə öz əksini tapmışdır. 1918-ci il Mart
hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən artıq
azərbaycanlı soyqırıma məruz qalmış, şəhərin tarixi məscid və
məbədlərinə təcavüz edilmişdir; Şamaxı qəzasının 53 kəndində 8 027
nəfər, Şamaxı şəhərində isə 8 min azərbaycanlı qətlə yetirilmiş,
Qafqazda ən qədim tarixə malik Şamaxı Cümə məscidi yandırılmışdır.
Quba şəhərində, Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox
azərbaycanlının həyatına son qoyulmuş, 162 kənd dağıdılmış, 3 minə
qədər yəhudi vəhşicəsinə qətlə yetirilmişdir; Lənkəran qəzasında 2
min insan qətlə yetirilmişdir; 1918-1920-ci illərdə Zəngəzur
qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb və şikəst edilmiş;
İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilmiş və
əhalisi soyqırıma məruz qalmışdır. Ermənilərin etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində 1916-cı ildə bu ərazidə yaşamış 375
min nəfər azərbaycanlı əhalinin sayı 1922-ci ildə 70 min nəfərə
enmişdi. 1918-1920-ci illər ərzində Gürcüstanın azərbaycanlılar
yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi
məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilmişdir. Həmçinin,
1918-1920-ci illərdə Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120
mindən artıq azərbaycanlı qətlə yetirilmişdir.
Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni
ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada,
Türküstanda da mövcud olmuşdur. 1918-1922-ci ildə Özbəkistanın
Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək
müsəlmanın həyatına son qoyulması, Kokandın yandırılması, bir gün
ərzində erməni daşnakları tərəfindən on mindən çox, Əndicanda isə
dörd min yarımdan çox insanın məhv edilməsi, Qırğızıstanda Suzak,
Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi, qırğının
Cəlalabad sərhədlərinə qədər gedib çatması tarixi mənbələrdən
məlumdur.
Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet
hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz
minlərlə azərbaycanlı Zəngəzurdakı öz ata-baba yurdlarından
deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində
yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər
dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni
millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə
siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli
dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 300 minə
yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasını həyata
keçirdilər. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində
ərazilərimizin 20 faizi – Qarabağın Dağlıq hissəsi və onun
ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar
nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı
doğma yurdlarından didərgin salındı. 1992-ci ildə erməni
ekstremistlərinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata
keçirdikləri soyqırımı aktları isə onların törətdikləri
vəhşiliklərin kulminasiya nöqtəsi oldu. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil
silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız
kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da
daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150
nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır
işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc
sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər
edilməsi, mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Gernika,
Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı
törədilmiş cinayətlərlə bir sıraya qoyur. Bütövlükdə, 2 milyon
azərbaycanlı ermənilər tərəfindən törədilmiş soyqırım, etnik
təmizləmə və deportasiya siyasətinin fəlakət və dəhşətlərini öz
taleyində yaşamışdır.
Bu arada xüsusi qeyd edək ki, uzun illər ərzində Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə
fərqlənən mədəni və mənəvi irsinə qarşı terror reallaşdırılmışdır.
Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları
həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah
və qəbirstanlıqlarımızı, xristian və yəhudi məbədlərini məhv
etdilər. Ermənilər Qarabağda tarixən mövcud olmuş qədim alban,
müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə
məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv
edib sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq
özününkiləşdirmiş – erməniləşdirmiş, qriqoryanlaşdırmışlar.
Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Ermənistanın
Azərbaycan ərazisində törətdiyi etnik təmizləmə, soyqırımı
əməllərinə, vandalizm aktlarına dair təkzibolunmaz faktları
beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır.
Təəssüflər olsun ki, YUNESKO azad olunmuş Qarabağ torpaqlarına
araşdırıcı missiyasını yollamağı ləngidir, Avropa Parlamenti isə
ikili yanaşma mövqeyindən çıxış edərək Qarabağda guya “erməni
irsinin dağıdılması” barədə qərəzli qətnamə qəbul edir. Halbuki,
azad olunmuş ərazilərimizdə yeni erməni cinayəti faktları – kütləvi
məzarlıqlar aşkarlanmaqdadır. Azərbaycan ərazilərində müharibə
cinayəti – yandırılmış torpaq taktikasını tətbiq etmiş ermənilərin
basdırdıqları saysız-hesabsız minalar səbəbindən günahsız insanlar
bu gün də həyatlarını itirməkdə, əlilliyə düçar olmaqdadırlar.
Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan
dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün
xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar
arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin
tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik
ayrıseçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər
arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda
səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar,
ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı,
sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları
təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri
qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni diasporunun və
lobbisinin imkanlarını səfərbər edərək hal-hazırda erməni
terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob,
faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar.
Biz, Azərbaycanda yaşayan din xadimləri bir daha dünya
ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, Ermənistanın
Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə
siyasi-hüquqi qiymət verməyə çağırırıq. Həqiqət gec-tez qalib
gələcəkdir, ədalət öz yerini tutacaqdır, inşallah! Qoy Uca Yaradan
hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı
olsun! AMİN!”
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ
Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı
Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski
imzalayıblar.