Dinc sakinlərimizi atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan terrorçuları tərəfindən törədilən Gəncə qətliamının 1 ili tamam olur. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın münaqişə zonasından uzaq olan bir çox şəhər və rayonları düşmən tərəfindən atəşə məruz qalıb, dinc sakinlər həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə, Bərdə, Ağdam, Füzuli, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonları, Siyəzən, Kürdəmir şəhər və kəndləri raket atəşinə məruz qalıb. Bütün bunlar Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, Azərbaycan ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl atmaqla beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına zidd olan hərəkətlərə əl atıb: “Dinc, mülki şəxslər hədəfə alınmaqla şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub. Müharibə zamanı namərd atəşlər nəticəsində içərisində uşaq və qadınlarla birlikdə 100-ə yaxın mülki vətəndaş həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 5000-dən çox ev isə dağıdılıb. Bütün bunlarda məqsəd Azərbaycan xalqının iradəsini, qələbə əzmini sındırmaq idi. Lakin Azərbaycan xalqı öz iradəsini, öz mərdliyini ortaya qoydu. Yenilməz Sərkərdə, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək mənfur düşməni diz çöktürməklə kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ermənistan hakimiyyətinin hərbi cinayətlərinin bir nümunəsi də 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında olan milli-mədəni irsimizə, ekologiyaya qarşı törətdiyi vəhşilikdir”.

S.Hüseynova vurğulayıb ki, cinayətkar rejimin daha bir mənfur əməli ilə biz hələ də üz-üzəyik: “Bu da işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrinin Azərbaycana verməməsi ilə bağılı olan məsələdir. Bu isə həmin ərazilərdə əsaslı şəkildə bərpa işlərinin gedişatını ləngidir və əhalinin dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmasına təhdid törədir. Müharibə başa çatdıqdan bu günə qədər 150-dən çox mülki şəxs və hərbiçilərimiz minaya düşərək həlak olub və ya öz sağlamlığını itirib.

Həmçinin, öz vəzifə borclarını yerinə yetirən jurnalistlərimiz də minaya düşərək dünyalarını dəyişiblər. Rəsmi İrəvanın hərbi cinayətlərinin beynəlxalq hüquqa zidd olmasına baxmayaraq, beynəlxalq təşkilatlar hələ də onlara qarşı adekvat addımlar atmır. Bu cinayətləri törədənlər cəzasız qalmamalıdır, çünki cinayətkar cəzasız qalarsa, o daha da azğınlaşacaq. Ümid edirik ki, Ermənistan gec-tez hərbi cinayətlərinə görə cavab verəcək. Azərbaycan xalqı öz Prezidentinə inanır və bilir ki, o, nəyi, nə vaxt, necə etməlidir. Bizim xalqımız öz Prezidenti ətrafında birləşməklə gec-tez tarixi ədaləti bərpa edəcək”.

Teqlər: