DİN Yevlax sakininin polis haqqında iddialarına cavab verdi

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi Yevlax rayon sakini Ceyhun Baxışəliyevin bəzi sosial şəbəkə kanallarında polis əməkdaşı haqqında səsləndirdiyi iddialara cavab verib.

Bu barədə AzerTimes-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, adıçəkilən şəxsin əsassız iddialar səsləndirməsi həqiqəti əks etdirmir, səs yazısı isə polis əməkdaşına məxsus deyil, montajdır: “2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq, gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin “VAZ-2107” markalı avtomobilin sürücüsü C.Baxışəliyev olduğu müəyyən olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətəuyğun olmayan məzmunda şikayəti tam əsassızdır”.

Teqlər: