Xəbər - Elçin Mehdiyev – Trend:
Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun “Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib.
AzerTimes-ın məlumatın görə, tədbir Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun moderatorluğu ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, din və təhlükəsizlik sahəsində digər dillərdə, xüsusən ingilis dilində çoxsaylı kitab və məqalələr mövcud olsa da, sözügedən araşdırma Azərbaycanda bu sahədə yazılan ilk əsərdir.
Mövzu ilə əlaqədar akademik əsərlərin yazılmasının vacibliyinə toxunan Aİİ rektoru kitabın bölmələri haqqında geniş məlumat verib. Nümunənin Beynəlxalq və regional münasibətlər sistemində din amili; Bəşəriyyətin yeni kabusu: dini radikalizm; Din və təhlükəsizlik; İctimai həyatda dinin rolu; Din və hüquq; Dinlərarası və mədəniyyətlərarası dialoq fəsillərindən ibarət olduğunu bildirib. O, eyni zamanda əhəmiyyət kəsb edən bu əsərin gənclər, xüsusilə universitet tələbələri tərəfindən istifadə edilməsinin vacibliyi barədə danışıb.
Millət vəkili Arzu Nağıyev kitabın dövrümüz üçün aktuallıq kəsb edən mövzuya həsr edildiyini bildirərək nəşrdə çox ciddi məqamlara toxunulduğunu vurğulayıb. Digər ölkələrdən transfer olunan dini cərəyanların arxasında heç də hər zaman xoş niyyət və məramlı qüvvələrin dayanmadığını qeyd edən millət vəkili bu qrupların sosial şəbəkələr vasitəsilə gəncləri təsir altına salmağa çalışdıqlarını söyləyib. O, həmmüəlliflərin din və ideoloji təhlükəsizlik sahəsindəki zəngin təcrübəsinin nəşrdə özünü biruzə verdiyini bildirib. A.Nağıyev kitabın dərslik kimi hüquq-mühafizə orqanlarının və digər təhsil müəssisələrində istifadə edilməsinin, eləcə də xarici dillərə tərcümə edilməsinin əhəmiyyətinə diqqət çəkib.
Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov öz çıxışında bildirib ki, hazırkı dünya nizamının pozulduğu, beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyü, beynəlxalq hüquq normalarının tapdalandığı vəziyyətdə dini radikal qrupların müxtəlif vasitələrlə, eyni zamanda sosial şəbəkələrin köməyi ilə təbliğat aparmaları və öz dırnaqarası ideologiyalarını yaymaları dünya ölkələrini böyük bir təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan nəşr edilən kitab təkcə Azərbaycanın hüdudlarında və ya regional deyil, beynəlxalq müstəvidə də çox mühüm əhəmiyyət kəsb edir. Elman Nəsirov dünya nümunəsində bu formatda bir çox vəsaitin mövcud olduğunu, Azərbaycan reallığı və dəyərlərini özündə əks etdirən kitabın da daha geniş auditoriyaya çatdırılmaq üçün digər dillərə tərcümə edilərək yayılmasının vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda ilk dəfə olaraq təhlükəsizlik eksperti və ilahiyyatçıların birgə ərsəyə gətirdiyi kitabı din və ideologiya sahəsinə giriş vəsaiti və nəzəriyyə kimi xarakterizə edib. Onun dövlət-din münasibətləri sahəsində istər dövləti, istər dini sahəni təmsil edən, eyni zamanda təhlükəsizlik məsələlərindən məsul olan şəxslər üçün mühüm əhəmiyyətli istinad olduğunu bildirib. Gündüz İsmayılov qeyd edib ki, ilk dəfə bu sahəyə həm təhlükəsizlik, həm də elmi cəhətdən yanaşılması, Azərbaycan həqiqətləri, dövlət maraqları və xalqın dini baxışlarının əks olunması, müxtəlif auditoriyalarla yanaşı, tələbələr üçün də zəngin vəsait olması baxımından “Din və ideoloji təhlükəsizlik” kitabı əvəzi olmayan nəşrdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov nəşrin bütün bəşəriyyət üçün taleyüklü məsələyə həsr edildiyini diqqətə çatdıraraq günümüzdə sosial şəbəkələr vasitəsilə dini və milli zəmində münaqişələrin artmaqda davam etdiyini bildirib. O, 90-cı illərin əvvəllərində ölkəmizdə bəzi maraqlı dairələrin ideoloji boşluqdan istifadə etməsinin fəsadlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Mərkəzin dəstəyi ilə “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris edildiyini bildirən Rəvan Həsənov sözügedən nəşrin də tədris proqramına daxil edilməsinə maraqlı olduqlarını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, radikallığın kökündə dinin düzgün anlaşılmaması dayanır. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsinin, dinin ictimaiyyətə düzgün formada çatdırılmasının vacibliyinə toxunan F.Nurullayev bu baxımdan kitabın 4-cü fəslinə, o cümlədən “Din və təhsil” mövzusuna xüsusi diqqət çəkib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışında vurğulayıb ki, son dövrlər sosial şəbəkələrdə təhlükəli xarakter alan informasiya mənbələrinə ciddi fikir vermək lazımdır. M.İsmayılov Fondun bu qəbildən olan kitabların nəşrinə xüsusi diqqət yetirdiyini deyib.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev və Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli çıxışlarında nəşrdə din sahəsindəki bir çox mühüm məqamlara toxunulmasını, əsərin həm elmi, həm də tədris vəsaiti kimi əhəmiyyətini vurğulayıblar.
Kitabın həmmüəllifləri Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov və Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov ölkəmizin nümunəvi dövlət-din modelindən söz açaraq dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd ediblər. Kitabın bu baxımdan əhəmiyyətinə diqqət çəkərək nəşrdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yollarının işıqlandırıldığını bildiriblər.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din adına törədilən müharibələr, qaranlıq orta əsr faciələri və müasir münaqişələr dinin nüfuzuna xeyli ziyan vursa da həm tarix, həm də bugünkü mənəvi böhran dini əvəz edəcək bir sistemin olmadığını göstərir. Ona görə də bəşəriyyət dini rədd etmək əvəzinə, yeni baxışlar formalaşdırmaq məcburiyyətindədir. Sədr müavini vurğulayıb ki, şüarçılıq, ümumi çağırışlar və danışıqlar cəmiyyətin kökündəki dini ziddiyyətləri aradan qaldırmaqda o qədər də səmərəli görünmür. Dini ixtilafın və münaqişənin qarşısının alınmasının yolu din haqqında anlayışların dərinləşdirilməsindən və yenilənməsindən keçir. Din özünün ilkin mahiyyətində tərəqqi yaradan amil idisə, zaman keçdikcə təhriflərə yol verildi. Bütün bu məqamlar dinin əsl funksiyası və məqsədi barədə məsələlərə diqqətli olmağı tələb edir. Dinin mənəvi dəyər çərçivəsində qalıb öz həqiqi funksiyasını həyata keçirməsi olduqca vacib məsələdir.
Bildirilib ki, kitabda milli təhlükəsizliyimizin, eləcə də beynəlxalq təhlükəsizliyin başlıca tərkib hissəsi olan dini təhlükəsizliyin təminatına xüsusi yaradıcılıqla yanaşılmasının vacibliyi nəzərə çatdırılıb. “Din azadlığı yoxsa təhlükəsizlik: prioritet hansıdır?” sualı cavablandırılmaqla hər ikisinin prioritet olması vurğulanıb.
Səyavuş Heydərov diqqətə çatdırıb ki, sivilizasiyaların toqquşması deyil, ümümdünya sülhünün bərqərar olmasına yönəlmiş nəzəriyyənin meydana gəlməsi zərurətə çevrilib. O, ölkəmizin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyasının artıq dünya ictimaiyyətinin diqqətində olduğunu qeyd edib. Azərbaycanın dünyanın xilası üçün təqdim etdiyi strategiyanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin birləşdiyi mərkəzlərdən birinə çevriləcəyinə əminliyini ifadə edib. Bu nəzəriyyənin təməlinin isə Prezident İlham Əliyevin memarı olduğu “Bakı prosesi” platforması ilə qoyulduğunu əlavə edib.