DİN texniki baxışla bağlı sürücülərə müraciət edib

Sürücülərə bayram tətilindən istifadə edərək avtomobillərini
texniki baxışdan keçirmək tövsiyyə edilir. Texniki baxış müddəti
bitmiş nəqliyyat vaitələrinin sürücüləri cərimə
olunacaqlar

Bayram günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyi (DİN)
Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri
fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

AzerTimes xəbər verir ki, bununla
bağlı sürücülərə müraciət edilərək bildirilir ki, nəqliyyat
vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı
SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini
texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və
Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu
rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə
Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə
gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini
texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və
rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin
Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində
avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki
vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər
müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş
günlərindən istifadə edib avtomobillərini texniki baxışdan
keçirmələri tövsiyyə olunur. Bununla bağlı Texniki Müayinə
Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat
09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən
xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə
təqdim etsinlər. Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq
üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat
vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez
bir zamanda aşkar edilir.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər
50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar
avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları
maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40
nömrəli qaynar xəttlə də əlaqə saxlaya bilərlər.

Teqlər: