DİN Şuşaya səfər adı ilə müəllimləri aldadan turizm şirkətinin rəhbəri barədə araşdırma aparır

Daxili İşlər Nazirliyi (DİN) Şuşaya səfər adı ilə bir qrup
müəllimin aldadılması ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin
şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib.

“Hazırda müraciət üzrə araşdırma aparılır”, – deyə qurum rəsmisi
qeyd edib.

Qeyd edək ki, Bakıda Şuşaya səfər etmək istəyən bir qrup
müəllimin aldadılması barədə bəzi saytlarda və sosial şəbəkələrdə
məlumat yayılıb.

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi
təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Şuşa 1 saylı tam orta
məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil
etdiyini bildirib.

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün
22 manat ödəyib.

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını
deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına
toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng
çatmayıb.

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən
tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında
toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib,
nə də həmin şəxsə zəng çatıb.

Teqlər: