DİN qapalı məkanlarda maska tələbi ilə bağlı əhaliyə müraciət edib

Sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu
qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq
hədəfinə çevirməyə çalışırlar.

AzerTimes-ın məlumatına görə,
bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Baxmayaraq ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, ancaq
qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən
olunan normadır.

Ölkəmizdə qüvvədə olan karantin rejim qaydalarına uyğun olaraq,
polis tərəfindən fasiləsiz nəzarət-profilaktik tədbirlər davam
etdirilir. Bu tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla,
sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan
odur ki, qanunla müəyyən olunan tələblərə hələ da etinasız yanaşan
şəxslər var. Ancaq nəzərə alsaq ki, polisin qarşısına kütləvi
olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb, bu
istiqamətdə fəaliyyət daha çox maariflənməyə yönəldilib.

Ətrafa baxaq – qapalı məkanlarda nə qədər tibbi maskadan
istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var.
Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir.
Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına
məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş
edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda
fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər,
özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarına biganə
yanaşmasınlar”.

Teqlər: