DİN-in rəsmi saytına müraciətlərlə bağlı yeni xidmət əlavə edilib

Xəbər - Fərid Zöhrabov – Trend:

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaş müraciətlərinə
baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin
edilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az)
“Müraciətin statusunu yoxla” xidməti əlavə olunub.

Bunu Trend-ə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi,
polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi deyib ki, yeni yaradılan xidmət bu sahədə aparılan
işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı,
müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab
alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

“Müraciətin statusunu yoxla” bölməsindən DİN-ə göndərilən
müraciətlərin statusuna nəzarət və onun icra vəziyyəti barədə
informasiya əldə etmək mümkün olacaqdır. Bunun üçün DİN-ə onlayn
müraciət etmiş şəxs Nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/ ) daxil
olmaqla, qeyd edilən elektron xidməti seçərək açılan pəncərəyə
müraciətin qeydiyyata alınması nömrəsini daxil edir.

Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonra
müraciətin icra vəziyyəti barədə informasiya ona təqdim edilir.

Twitter:@FaridZohrabov

Teqlər: