DİN-in Naxçıvan həmləsi: İlk dəfə baş verir…

DİN-in Naxçıvan həmləsi: İlk dəfə baş verir…

DTX-nin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatları, külli miqdarda yeyintinin aşkara çıxarılması, həbslər, Naxçıvan DTX-nin və Gömrük Komitəsinin ləğv edilməsindən sonra analoji prosesin Naxçıvan DİN-də də gedəcəyi düşünülürdü. Hər kəs hesab edirdi ki, Naxçıvan DİN ləğv ediləcək, əvəzində mərkəzə tabe olan Baş İdarə yaradılacaq.

Baş İdarənin yaranması Naxçıvan Muxtar Respublikasında əlavə inzibati yük və ştatdan imtina edilməsi, mümkün neqativliklərin aradan qaldırılmasında əhəmiyyətli addım ola bilər.

Xatırladaq ki, təkcə Naxçıvan DTX-nin ləğvi Naxçıvana ayrılan 2023-cü il dotasiyasının 31,1 milyon manat azalmasına səbəb olmuşdu. Bu, digər strukturlarda da həyata keçiriləcəyi təqdirdə Naxçıvana ayrılan vəsait daha səmərəli istifadə ediləcək – hələ digər müsbət siyasi-iqtisadi nəticələrə toxunmuruq.

Gözləntilərin əksinə olaraq, Naxçıvan Daxili İşlər Nazirliyinə yeni nazir təyin edildi. Ancaq məhz Süleyman Nemətovun Naxçıvan DİN-ə nazir təyin edilməsi və ardınca baş verənlər müəyyən ehtimallara yol açır.

AzerTimes xəbər verir ki, hər şeydən öncə Naxçıvan DİN-ə nazirin Bakıdan göndərilməsi, üstəlik onun rütbəsinin polkovnik olması diqqətə alınmalıdır. Naxçıvan DİN-ə generalın rəhbər təyin edilməməsi bu qurumun statusu haqda təsəvvürləri dəyişən faktdır. Nəzərə alaq ki, Azərbaycanda yalnız Bakı və Gəncədə baş polis idarələri var və onlara generallar rəhbərlik edir. Bu isə əhali sayına görədir.

Digər tərəfdən, Naxçıvan DİN-ə nazir təyin edilən polis polkovniki Süleyman Nemətovun görüşləri, keçirdiyi toplantı haqda məlumatları artıq Azərbaycan Daxili İşlər Nazirliyi yayır.

İndi məlum olur ki, demə, Naxçıvanda yol qəzası, oğurluq hadisələri də baş verirmiş – Vasif Talıbov Naxçıvan Ali Məclisinə sədrlik etdiyi dönəmdə Naxçıvandan bu cür xəbərlərin mərkəzi mediada yayılması qeyri-mümkün idi. Və bu haqda məlumatları da Azərbaycan DİN-in rəsmi sosial şəbəkə səhifəsindən oxumaq mümkündür.

Süleyman Nemətovun əsas kadrları özü ilə Bakıdan apardığı haqda informasiyaları da bura əlavə etsək, belə təəssürat yaranır ki, polkovnik bütün addımlarında Bakı ilə məsləhətləşir.

Beləliklə, Naxçıvan MR-in uzun illərdir müstəqil fəaliyyət göstərən daha bir strukturu – Daxili İşlər Nazirliyi hazırda faktiki olaraq Azərbaycan DİN-in tərkib hissəsi kimi görünür. Struktur islahatlarından sonra Naxçıvan DİN-in ləğv ediləcəyi, yerində isə baş idarə belə yaradılmayacağı ehtimalı da yox deyil. Əlbəttə, burada Naxçıvanın muxtar statusu fərqli yanaşma tələb edə bilər, ancaq Naxçıvan əhalisinin sayının Baş İdarənin yaradılmasına imkan verib-vermədiyi də mühümdür.

Teqlər: