Daxili İşlər Nazirliyi bir daha vətəndaşları şəxsi və bank kartı məlumatları ilə bağlı təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Elşad Hacıyev bildirib.
“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
– Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
– Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
– Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
– Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın”, – o qeyd edib.