Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur.
AzerTimes xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qarabağ”ın Bakıda Yunanıstan “Olimpiakos”una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.
“Bu gün baş tutacaq “Qarabağ”-“Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir” – o, vurğulayıb.
Qeyd edək ki, “Qarabağ”-“Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.