Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.
Araşdırmalar zamanı müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.