Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara bazar”da dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, milli genofondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas prioritet istiqamətlərdən biridir. Bu sahədə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son bir ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı səkkiz mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən “qara bazar”da dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə – kokain, heroin, tiryək, marixuana, psixotrop maddə – metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı, Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.