DİN Britaniya səfirliyinin bəyanatına cavab verib

Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniya səfirliyinin
bəyanatına cavab verib.

AzerTimes-ın məlumatına görə,
bununla bağlı DİN bəyanat yayıb.

Bəyanatda deyilir:

“Artıq xəbər verildiyi kimi 2022-ci il mayın 14-də bir qrup şəxs
Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət
qurumları ilə razılaşdırılmamış aksiya keçirmişdir. Bu aksiyanın
Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında”
Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən
aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi
təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib.
Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan
olmayıb.

Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı
Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda
saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması
qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə
əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları
tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının
qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın
Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və
ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı
öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl
yetirmək cəhdi kimi qiymətləndiririk.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı
təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.

Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki
ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət
edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq
cəhdindən çəkiləcəkdir”.

Teqlər: