Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyi Bakıda parklanma ilə bağlı məsələlərə
aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis
mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki,
Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində
idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində
tədbirlər davam etdirilir.
“Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə
neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində
qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır.
Paytaxt ərazisində bu sahədə neqativ halların aradan
qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı
işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra
Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa
sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.
Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər
Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla,
nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək”,-deyə E. Hacıyev
bildirib.