DİM YAŞAT Fondu ilə birgə Zəfər Gününə həsr olunmuş tədbir təşkil edib (FOTO)

4 noyabr 2021-ci il tarixində Zəfər Günü münasibətilə Dövlət İmtahan Mərkəzinin (DİM) və YAŞAT Fondunun birgə təşkilatçılığı və vətənin bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədə canlarından keçmiş şəhidlərin məktəbli övladlarının iştirakı ilə tədbir keçirilib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzində təşkil olunmuş tədbirdə Yaşat Fondunun nümayəndələri və Bakı şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ordumuzun qəhrəmanlığından, şanlı qələbəmizdən, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib.

YAŞAT Fondunun səlahiyyətli nümayəndəsi Elvin Hüseynov fondun fəaliyyət istiqamətləri barədə danışıb və burada təhsil sahəsinin prioritet olduğunu qeyd edib.

Tədbirdə DİM ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanan memorandumun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.

DİM və Fond arasındakı əsas əməkdaşlıq sahələri aşağıdakılardır:

1. Peşəkar səriştə, bacarıq və texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;


2. Şəhid övladlarına və qazilərə qayğı məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;

3. Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni yollar araşdırmaq və yaratmaq;

4. Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;

5. Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırmaq;

Qeyd edək ki, tədbir iştirakçılarına DİM əməkdaşları tərəfindən DİM-in fəaliyyət istiqamətləri və tarixinə dair təqdimat göstərilib, e-psixoloq.az və otk.az səhifələrinin imkanları haqqında məlumat verilib.

Tədbirə COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq 30-35 məktəbli və onların valideynləri dəvət olunub və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülüb.

Teqlər: