DİM tərəfindən növbəti imtahanlar keçirilir

Aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti
imtahanlar keçirilir.

DİM-dən AzerTimes-a
bildirilib ki, bu gün əvvəlki illərin məzunları üçün qəbul
imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil
müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul
imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən
fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün
əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında
verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları
üçün əlavə tədris dili imtahanı keçirilir. Həmçinin bu gün mart
ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən
iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari
ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun
attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış
imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və
barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif
məzunları buraxılış imtahanı verirlər.

Ümumilikdə imtahanlarda 26 min 87 nəfərin iştirakı nəzərdə
tutulur.

İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyentin də iştirakı gözlənilir.
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında
ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması,
cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər
təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların
dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları
hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala
daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait
yaradılıb.

Ümumilikdə imtahanların idarə olunmasına 109 ümumi imtahan
rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış
rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad,
Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və
Naxçıvan Muxtar Respublikasında təşkil olunur.

Teqlər: