DİM tərəfindən növbəti imtahanlar keçirilib (YENİLƏNİB)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan
dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari
ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas
təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli
dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət
dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən AzerTimes-a bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və
rayonda, 95 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil
müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin,
internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə
əngəlli və digər) şagird iştirak edib. Onların rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb,
gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin
doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və
1 saat 30 dəqiqə davam edib.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum
bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya
sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət
almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları
imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması
üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı
aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt
tələb etdiyi üçün nəticələrin 3 həftə ərzində elan edilməsi nəzərdə
tutulur.

XXX

11:21

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də cari ilin 9-cu və 11-ci
sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün
Azərbaycan dili (dövlət dili kimi) imtahanı, dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib
sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini
keçirir.

Bu barədə AzerTimes-a DİM-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95
binada aparılır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda
20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248
imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 193 buraxılış
rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə
Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in
binasında kompüter vasitəsilə keçirilir.

İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9,
BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd
qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan
rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat
uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb
və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144,
İSMHBS-162) nəfər müraciət edib. İmtahanın davametmə müddəti 3
saatdır. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada
təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan
rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə
(buraxılış rejimi) əməkdaşı cəlb olunub.

Teqlər: