Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali
təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir.
DİM-dən AzerTimes-a bildirilib ki, tələbə qəbulu ilə bağlı
ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet
vasitəsilə aparılır.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin
qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə
aparılır.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının
ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra
(kabineti olmayanlar) şəxsi kabinetlərinin istifadəçi adı və
parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin
elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər
(etdirirlər). III ixtisas qrupunu seçən abituriyentlər elektron
ərizəni doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində
təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan
dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarından birini,
yaxud hər ikisini seçməlidirlər.
Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali
və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının
təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli
2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil
müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız
ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın
ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin
vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər III
ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri
halda, onlar “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün
əlavə olaraq ödəniş edirlər.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694
nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı
kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının
(yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında
(bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları; - şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar; - məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Yuxarıda qeyd olunan kateqoriyalara aid abituriyentlər elektron
ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet
səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan
keçməlidirlər (ekabinet.dim.gov.az/pimtiyaz.aspx).
Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün
tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə
edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların
şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul
imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci
mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə
tutulur. Bu halda abituriyentlər hər iki cəhd üzrə (hər cəhddə bir
dəfə olmaqla) imtahanda iştirak edə bilərlər. Hər iki cəhddə
iştirak edən abituriyentlər ikinci cəhddə birincidəkindən fərqli
ixtisas qrupu üzrə imtahan verə bilərlər. I‑IV ixtisas qrupları
üzrə ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər qəbul
imtahanının ikinci mərhələsinin 1-ci cəhdində iştirak edirlər. 2-ci
cəhddə də iştirak etmək istəyən abituriyentlər DİM tərəfindən elan
olunacaq müddətdə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan
istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet
səhifəsində qeydiyyatdan keçəcəklər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV
ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan
ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar
ərizələrində müvafiq bəndləri qeyd etməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə
olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla
həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə
məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması
təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda
göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə
bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli
olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim
etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq
etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu
ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə
şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi
hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə
qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı
subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq
müddətdə internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla
tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola
bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək
internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi
kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət
İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize)
daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və
ərizəni təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə
olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla
həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə
məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması
təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda
göstərilir).
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, tələb olunan
sənədlər, imtahanların keçirilməsi, müsabiqə şərtləri və digər
məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə
qəbulu haqqında elan, Orta ixtisas TM”) ətraflı tanış ola
bilərsiz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının
bütün mərhələlərində Dövlət İmtahan Mərkəzinin regional
bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu
Universitetlərində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və
orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin
elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu
zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə
şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan
və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət
Mərkəzləri”nə müraciət edə bilərlər.