Xəbər - Elçin Mehdiyev – Trend:
İyunun 2-si və ya 3-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzerTimes-a verilən məlumata görə, iyunun 2-də Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron, Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında, iyunun 3-də isə Naxçıvan MR-də, Şirvan və Sumqayıt şəhərlərində, Gəncə şəhərinin Nizami rayonunda, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
– Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.