DİM kolleclərə tələbə qəbulu elan edib

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün orta ixtisas
təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə
qəbulu elan edib.

Mərkəzdən
Trend
-ə verilən məlumata görə, ərizələrin qəbulu aprelin 25-dək
internet vasitəsilə aparılacaq.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının
ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet”
yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan
istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin
elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər
(etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər
ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi
kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə
təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından
çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına
və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə
təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694
nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız
ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı
dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694
nömrəli Sərəncamının 1.3‑1.7‑ci bəndlərinə əsasən aşağıdakı
kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının
(yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında
iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci
ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı
cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul
imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin
qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas
götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə
keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq
bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi
kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə
hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi
zamanı özü müəyyən edir. Ərizənin təsdiqi DİM-in informasiya
sistemlərində abituriyent barədə olan məlumatların yetərli
olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir
(ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram
tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq
edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan
sənədlərlə elanın tam mətnində tanış ola bilərsiniz.

Qəbul imtahanı

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan
Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən
abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan
dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış
imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında
iştirak edirlər. Lakin elanda göstərilən xüsusi hallarda bu
abituriyentlər əlavə olaraq 15 may 2022-ci il tarixində bəzi fənn
və yaxud fənlərdən imtahan verirlər.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı 15 may 2022-ci il
tarixində keçirilir. Abituriyentlər müsabiqədə iştirak etmək üçün
Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq),
riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.
Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə
şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas
təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə
qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2021-ci ildə
qəbul (buraxılış) imtahanında iştirak edən və imtahanda topladığı
balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən
asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və
ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul
imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas
götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı
imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü
müəyyən edir. 2021-ci ildəki qəbul (buraxılış) imtahanının
nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər
yuxarıda gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini
təsdiq etməlidirlər (etdirməlidirlər).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak
etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız
abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, xüsusi
qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən
abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət
imtahanlarında iştirak etməlidirlər.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən
abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət
dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər.

İxtisas seçimi

İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata
keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və
ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı
10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent
müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli
əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının
ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı
abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı
nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və
abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə
yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi
balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və
müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından
“məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və
“Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı
30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan
abituriyentlər iştirak edə bilərlər (bax: “Abituriyent” jurnalının
xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının
2-ci sayı).

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı
ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Teqlər: