Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8
fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nda dəyişiklik edilməsi haqqında 12 mart 2022-ci il
tarixli Qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə
riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların
müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə
fizika, riyaziyyat və informatika fənnindən imtahan
verməlidirlər.
Dövlət İmtahan Mərkəzindən
Trend-ə verilən məlumata görə, DİM tərəfindən informatika fənni
imtahanının proqramı və imtahan modelinin hazırlanmasına ötən ildən
başlanılıb. Materialların hazırlanması üçün işçi qrupu yaradılıb.
İşçi qrupuna orta və ali təhsil müəssisələrinin müəllimləri,
AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və dərslik müəllifləri
daxildir. Hər həftənin birinci günü işçi qrupunun iclası keçirilir,
müzakirələr aparılır. İşçi qrupu tərəfindən informatika fənni üzrə
kurikulumun təlim nəticələrinə uyğun qəbul proqramı hazırlanıb.
Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində
məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş
mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən
abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
İşçi qrupu tərəfindən həmçinin imtahan modeli hazırlanıb.
İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə isə
bu keçidlərdə (Azərbaycan
və
rus dillərində) tanış olmaq olar.
Hazırda DİM-də imtahana hazırlaşanlara metodik köməklik
baxımından vəsait hazırlanır. Vəsait aşağıdakı bölmələrdən ibarət
olacaq:
1. İnformasiya və informasiya prosesləri
2. Say sistemləri
3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi
4. Modelləşdirmə
5. Kompüterin aparat təminatı
6. Kompüterin proqram təminatı
7. Əməliyyat sistemi
8. Mətnlərin email
9. Elektron cədvəllər
10. Verilənlər bazası
11. Kompüter qrafikası
12. Alqoritm
13. Proqramlaşdırma
14. Kompüter şəbəkəsi
15. İnternet
16. Veb-proqramlaşdırma
17. İnformasiya təhlükəsizliyi
İşçi qrupunda göstərilmiş bölmələr üzrə yekun müzakirələr
aparılır. Vəsaitin may ayında nəşr olunması nəzərdə tutulur.
Məlumat üçün onu da bildiririk ki, 2021-ci ilin oktyabr ayından
dim.gov.az saytında informatika fənnindən imtahanın məzmunu ilə
bağlı materialların hazırlanması və ekspertizası, ümumtəhsil
müəssisələri üçün dərsliklərin elmi-metodiki monitorinqinin
aparılmasında ekspert kimi iştirak etmək istəyənlərin elektron
qeydiyyatı aparılır. İndiyədək 71 nəfər qeydiyyatdan keçib. Onların
əksəriyyəti materialların hazırlanmasına cəlb edilib.
Hazırda elektron qeydiyyat davam edir.
Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında “Şəxsi
kabinet” yaratmalı,
bu keçiddən istifadə etməklə, “Şəxsi vərəq”i doldurmalı və
təsdiq etməlidirlər.