DİM Gürcüstanda Azərbaycan dili müəllimlərinin attestasiyasına dəstək verəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri
Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan
Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki
qurumun rəhbər şəxslərinin iştirakı ilə onlayn formada görüş
keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə tərəflər arasında
daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib. Görüşdə
buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi
istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.

Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20
may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il
tarixində yenilənib.

Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:

Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış
imtahanlarında istifadə edilən test tapşırıqlarının
təkmilləşdirilməsi;

Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı
müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə
edilən tapşırıqların hazırlanması;

MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq
testlərinin təkmilləşdirilməsi;

MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə
tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.

2022-ci il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı
əməkdaşlıq sahələri əksini tapıb:

MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış
imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi
test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;

DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili
və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı
üzrə sual bankının hazırlanması.

Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan
dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və
ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə
qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı
müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının
müəyyən edilməsində istifadə olunur.

Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq
üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolunun
müddəalarının icrasına da töhfə verir.

Teqlər: