Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçusu kimi fəaliyyətini
davam etdirmək istəyən şəxslərə müraciət edib.
AzerTimes-ın
məlumatına görə, müraciətdə qeyd edilir ki, “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununun 28-1-ci maddəsinə
uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək
istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin
həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec
olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi
(bundan sonra – Mərkəz) tərəfindən keçirilən imtahanlarda iştirak
etməli və yenidən sertifikat almalıdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək
(10.08.2016-cı il tarixinədək) “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul
olunmuş dövlət qulluqçuları (10 ildən az qulluq stajı olan dövlət
qulluqçuları), onlar daha yüksək inzibati vəzifənin tutulması üçün
müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə sertifikat almalıdırlar.
Qeyd edilənlərə əsasən dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər
iştirak edə bilər:
-
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət
qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs
sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin
sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec
olmayaraq; -
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək
(10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə
qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı
olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən
dövlət qulluqçuları.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən
test imtahanı üçün test nümunələrinin hazırlanması, test
imtahanının təşkili, qiymətləndirmənin aparılması Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86
nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət qulluğuna qəbul, dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu
vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün
test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test
imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması
Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən test
imtahanı dövlət qulluğu vəzifələrinin qrupları üzrə keçirilir.
Müvafiq test imtahanında iştirak edən və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86
nömrəli Qərarı ilə müəyyən edilən keçid balını toplayan şəxsə
Mərkəz tərəfindən dövlət qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə sertifikat (Dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə sertifikat) verilir. Qanunvericiliyə uyğun olaraq
sertifikatın qüvvədə olma müddəti beş ildir.
Müvafiq sertifikatı alaraq dövlət qulluğuna qəbul edilən dövlət
qulluqçuları dövlət qulluğu vəzifəsində fəaliyyətlərini davam
etdirmək üçün qulluq keçdikləri vəzifənin daxil olduğu altqrupu
üzrə müvafiq sertifikat almalıdır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test
imtahanının aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.
Test imtahanının məzmunu aşağıdakı qaydada müəyyən edilib:
– AB1, AB2, AB3, AB4 və AC1 vəzifə altqruplarına aid inzibati
rəhbər vəzifələr üzrə test imtahanında dövlət qulluqçularının
qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi
təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünya görüşü (10 test
tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və rəhbər
vəzifələrin icrası üzrə situasiya mühakimə bacarıqları (12 test
tapşırığı) yoxlanılır;
– AB1, AB2, AB3, AB4 və AC1 istisna olmaqla digər vəzifə
altqruplarına aid inzibati rəhbər və icraçı vəzifələr üzrə test
imtahanlarında namizədlərin qanunvericilik üzrə bilikləri (30 test
tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı),
dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test
tapşırığı) və ümumi xarakterli situasiya mühakimə bacarıqları (15
test tapşırığı) yoxlanılır;
– qanunvericilik üzrə bilik səviyyəsi müəyyən edilmiş proqram
(əlavə
olunur) üzrə hazırlanmış test tapşırıqları əsasında
yoxlanılır;
– dövlət qulluqçusunun məntiqi təfəkkürünün səviyyəsi müvafiq
proqrama (əlavə
olunur) uyğun olaraq hazırlanmış test tapşırıqları əsasında
yoxlanılır;
– dövlət qulluqçusunun dünyagörüşünün səviyyəsi ölkədə və
cəmiyyətdə baş verən mühüm hadisələrə dair hazırlanmış test
tapşırıqları əsasında yoxlanılır. Ümumi dünyagörüşü test blokuna
daxil olan Azərbaycan tarixi üzrə test tapşırıqları qədim
dövrlərdən müasir dövrədək xalqımızın dövlətçilik ənənələri,
Azərbaycan xalqının təşəkkülü və formalaşması, Azərbaycanın məruz
qaldığı yad təsirlər və onlara qarşı mübarizə, tarixi proseslərin
gedişində ortaya çıxan dövlət qurumlarımız, milli azadlıq hərəkatı,
dövlətçiliyimizin bərpası, qorunması, inkişafı, müasir dövrdə
Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını
şərtləndirən amillər, I və II Qarabağ müharibəsi haqqında
məlumatları əhatə edir.
Coğrafiya üzrə test tapşırıqları ölkəmizin təbiəti, təbii
ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında coğrafi
bilikləri, insan və təbiətin qarşılıqlı əlaqəsini, qlobal
problemlər və bunların Azərbaycana təsiri barədə bilikləri əhatə
edir.
Mədəniyyəti əhatə edən test tapşırıqları qədim zamanlardan bu
günə kimi mədəniyyətimizin keçdiyi tarixi inkişaf yolunu əhatə
edir.
Ədəbiyyatı əhatə edən test tapşırıqları namizədlərin müxtəlif
ədəbi növdə olan əsərlərin məzmununu, onların xalqımızın
inkişafındakı rolunu, taleyüklü hadisə və proseslərə yazıçı
mövqeyini özündə əks etdirir.
– dövlət qulluqçusunun mətn təhliletmə bacarıqları verilmiş
mətnə dair hazırlanmış suallar əsasında yoxlanılır. Mətn təhliletmə
blokunda namizədlərə humanitar, sosial-iqtisadi, elmi-populyar və
s. mövzularda mətnlər və onların əsasında suallar təqdim olunacaq.
Bu suallarla dövlət qulluqçusunun ona təqdim olunmuş mətndə
verilmiş verbal məlumatları anlamaq, ümumiləşdirmək,
mücərrədləşdirmək, mətni məntiqi və tənqidi təhlil etmək,
məlumatlardan nəticə çıxarmaq, mətnə əsasən verilmiş mülahizələri
(mülahizənin doğruluğunu) qiymətləndirmək bacarıqları yoxlanılacaq.
Sualların cavablandırılması zamanı yalnız mətndə əks olunan
məlumatlara istinad olunmalıdır.
– situasiya mühakimə testi (SMT) işlə əlaqədar situasiyalarda
şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxlayır. Bu
testə daxil olan tapşırıqlarda namizədə real, hipotetik ssenarilər
təqdim edilir və vəziyyətlə əlaqədar ən səmərəli və ya ən səmərəsiz
variantı seçməsi, yaxud verilmiş cavab variantlarının səmərəlilik
dərəcəsini müəyyən etməsi tələb olunur.