Buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulub.
Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli qərarına əsasən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulub:
1. Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçib, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;
2. 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə “Şagird-məzun” sisteminə daxil edilməsi mümkün olacaq;
3. Buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.
www.yenicag.az