Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 3-də növbəti imtahanlar
keçirəcək
Trend Dövlət İmtahan Mərkəzinə istinadən 2022-ci il aprelin 3-də
keçiriləcək imtahanların siyahısını təqdim edir:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi,
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI
sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad,
Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və
Naxçıvan MR-də keçiriləcək.
Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış
vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış
vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur.
Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.
İmtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.
Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
abituriyentin (şagirdin) özündə saxlanıldığı, sağlamlıq haqqında
bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki
sənəd ayrıca vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda 26087 (Bakıda 8396, Naxçıvanda 1508, Gəncədə 1871,
Şəmkirdə 529, Qazaxda 710, Sumqayıtda 1145, Abşeronda 991,
Mingəçevirdə 1083, Şəkidə 1265, Bərdədə 1513, Göyçayda 615,
Kürdəmirdə 622, Şirvanda 677, Sabirabadda 838, Salyanda 854,
Lənkəranda 1420, Cəlilabadda 555, Xaçmazda 1495) nəfərin iştirakı
nəzərdə tutulur.
İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.
İmtahanların idarə olunması üçün 109 ümumi imtahan rəhbəri, 318
imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış rejimi
əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.