DİM 12 şəhər və rayonda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib (FOTO)

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 şəhər və rayonda ümumi (9
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, mərkəz tərəfindən
pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi
maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan
heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska
və s.) təmin olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 92 imtahan
binası, 1650 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 92
ümumi imtahan rəhbəri, 268 imtahan rəhbəri, 2053 nəzarətçi-müəllim,
194 buraxılışı rejimi əməkdaşı (mühafizə), 92 bina nümayəndəsi
ayrılıb.

İmtahanlarda 21749 şagirdin iştirakı gözlənilirdi. İmtahanda
fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər)
şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi
üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli
şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq
xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli
şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti
üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı
üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən
sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı
üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər
də olub.

Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha
xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən
buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini
(şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi
unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.

Teqlər: