Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə 8 Mart –
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Müasir Çində qadınların
rolu” mövzusunda tədbir keçirilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov xanımları bayram
münasibətilə təbrik edib, davamlı inkişafın təmin edilməsində
gender bərabərliyinin vacib rolu olduğunu vurğulayıb. Azərbaycan
təhsilinin və elminin inkişafında qadınların fəal iştirakından söz
açıb.
R.Abbasov şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru,
görkəmli ərəbşünas Aida İmanquliyevanın həyat və elmi
fəaliyyətindən bəhs edərək, onun Azərbaycan qadınına xas nəcib
keyfiyyətlərə malik olduğunu vurğulayıb.
O, həmçinin klassik Çin mətnlərində mühüm yer tutan ana
obrazının bu ölkənin mədəniyyətində yeganə ictimai əhəmiyyətli
obraz olduğunu qeyd edib. R.Abbasov Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın “Getmə, ana!” şeirini Çin dilində
ifa edib.
Tədbirdə çıxış edən ADU-nun çinşünas tələbələri Çində gender
bərabərliyi və qadının adət-ənənələrdə rolundan, “bir ailə-bir
uşaq” siyasətinin həyata keçirilmə tarixindən, o cümlədən qədim
dövrün Çin mədəniyyətində qadın gözəlliyinin simvolu olan dörd
böyük Çin gözəlindən danışıblar.